Biznes - Plan nədir
və necə tərtib olunur:
Son zamanlar ölkəmizin bazar iqtisadiyyatına keçməsi
ilə əlaqədar olaraq çox tez-tez «biznes» sözünü
eşidir, müxtəlif yazılarda ona rast gəlirik.
Biznesin planlaşdırılmasından, Biznes-Plandan da
söhbət gedir.
Bəs biznes nədir? Terminologiya lüğətlərində
«biznes» – «gəlir əldə etməyə yönəldilmiş iqtisadi
fəaliyyət» kimi izah edilir, yəni bizneslə məşğul
olmaq, gəlir əldə etmək deməkdir, biznesin məqsədi
isə gəlir əldə etməkdir. İnkişaf etmiş bazar
iqtisadiyyatlı ölkələrdə iqtisadiyyatın elə bir
sahəsi yoxdur ki, orada adamlar əvvəlcədən özlərinin
Biznes-Planlarını tərtib etmədən işə başlas-ınlar.
Bu tamamilə aqrobizneslə, yəni kənd təsərrüfatı,
emal sənayesi və onların xidmət sahələri ilə məşğul
olan iş adamlarına da aiddir.
Biznes-Plan iki hissədən: görüləcək işin
ideyasından, məqsədindən və bu ideyanın, məqsədin
həyata keçirilməsindən, təşkilindən ibarətdir. Başqa
sözlə dedikdə Biznes-Planda nəzərdə tutulmuş
biznesin, yəni gəlir əldə etmək əqsədinin qısa,
dəqiq və aydın şərhi verilir və ona nail olmağın
şərtləri, yolları aşkarlanır.
Biznes-Planın tərtib edilməsinin üç mühüm əhəmiyyəti
vardır:
1. Biznes-Plan – biznesin, yəni gəlir əldə etməyin
idarə olunmasının əsaslarını hazırlamaqda istifadə
edilə bilər.
2. Biznes-Plan elə bir alətdir ki, iş adamı onun
köməkliyi ilə təsərrüfatın müəyyən dövr ərzində
faktiki fəaliyyətinin nəticələrini qiymətləndirə
bilər.
3. Biznes-Plan – təsərrüfatın inkişafına pul
vəsaitinin cəlb edilməsinin, «tapılmasının»
vasitəsidir.
Qeyd olunanlar bir daha onu sübut edir ki, hər bir
iş adamı üçün əvvəlcədən Biznes-Planın tərtib
edilməsi olduqca vacibdir və əksinə, bunsuz işə
başlamaq kompassız okeana çıxmaqa və tanı-madığın
bir ölkəyə xəritəsiz səyahətə getməyə bənzəyir. Elə
buna görədir ki, ölkəmizdə sahibkarlığın inkişafına
kömək etmək istəyən xarici ölkə sərmayədarları və ya
iş adamları burada olarkən ilk növbədə sahibkarlıqla
məşğul olmaq istəyən adamların Biznes-Planlarının
olub-olmaması ilə maraqlanırlar. Əgər bu plan
yoxdursa onlar belə əməkdaşlıqdan imtina edirlər.
Biznes-Plan müqəddimədən, yəni girişdən və iki
fəsildən ibarət tərtib edilir: Birinci fəsildə
biznesin təsviri, ikinci fəsildə isə maliyyə planı
verilir. Lakin bilmək lazımdır ki, bu fəsillər
bir-biri ilə üzvü surətdə bağlıdır və biri –
digərini tamamlayır. Yəni maliyyə planını
hazırlayarkən hökmən biznesin təsviri fəsilindən
müddəalara əsaslanmalıdır.
Müqəddimə. Burada müəssisə (təsərrüfat) haqqında
ətraflı məlumat verilir, təhsilinizi, sənətinizi, nə
vaxtdan indiki işlə məşğul olmağınızı göstərirsiniz.
Sonra biznesin hansı forması ilə (əkinçiliyin,
heyvandarlığın konkret sahələri, tədarük-ticarət,
texniki xidmət, emal və s. ) məşğul olmaq
istədiyinizi göstərməli və bunu əsaslandırmalısınız.
Nə üçün siz bu bizneslə məşğul olmaq qərarına
gəlmişsiniz, bunun nə kimi əhəmiyyəti var? Siz öz
bilik, bacarıq və həyat təcrübəniz, maddi imkanınız
ilə bu biznesin inkişafına nail ola biləcəksinizmi?
Sonra isə aşağıdakı fəsilləri və bölmələri
yazmalısınız.
Biznesin təsviri
1) Ehtiyatlar. Bu bölmədə biznesi aparmaq üçün
mövcud ehtiyatlarınızı göstərməlisiniz. Yəni nə
qədər torpaq sahəniz, bina, maşın, avadanlıq və işçi
qüvvəniz vardır? Avadanlığınız nə vəziyyətdədir, onu
qay-daya salmaq üçün nə etmək lazımdır? Əlavə
istehsal vasitələrinə ehtiyac varmı və onlar necə və
haradan alınacaqdır və ya icarəyə götürüləcəkdir.
2) Məqsəd. Bu bölmədə aşağıdakı suallara cavab
verilməlidir:
Siz başlamaq istədiyiniz biznesi necə təsəvvür
edirsiniz?
Siz onun inkişafını necə təmin edəcəksiniz:
əqlinizlə, fiziki əməyinizlə, maliyyə vəsaitinizlə?
Nə vaxt bu biznesdən gəlir götürmək fikrindəsiniz?
Siz bu işlə nə qədər (neçə il) məşğul olmaq
istəyirsiniz?
Bu biznesdən əldə edəcəyiniz gəliri təsərrüfatın
(müəssisənin) inkişafına sərf etmək fikriniz varmı
və yaxud başqa bir işə yönəltmək istəyirsiniz?
3) Təsərrüfatın (müəssisənin) yerləşəcəyi yer. Siz
öz bisnesinizlə harada məşğul
olacaqsınız?Təsərrüfatın (müəssisənin) yerləşdiyi
sahə biznesin inkişafına təminat verirmi?
Təsərrüfatın yerləşdiyi sahənin infrastrukturu (su,
elektrik enerjisi və nəqliyyatla təminatı)
müştərinizlə əlaqə yaratmağa imkan verirmi?
4) Məhsul və ya xidmət. İstehsal etdiyiniz və ya
edəcəyiniz məhsul (xidmət) barəsində ətraflı yazın.
Sizin məhsulunuzun alınmasına (və ya göstərəcəyiniz
xidmətə) olan ehtiyacı əsaslandırın, ətraflı şərh
edin. Bu maddəni yazmağa başlayarkən özünüzə
aşağıdakı sualları verin:
Mən insanları necə inandıra bilərəm ki, onlar mənim
istehsal etdiyim məhsulu alsınlar və ya mənim
xidmətimdən istifadə etsinlər?
Bu məhsul və ya xidmət istənilən olacaqmı?
Hazırda bu məhsulu alacaq və ya bu xidmətdən
istifadə edəcəklərmi?
Mənim müştərilərim üçün bu məhsul zəruridirmi, yoxsa
bundan bir zövq, ləzzət və ya şöhrət üçün istifadə
edəcəklər?
İqtisadi inkişaf bu məhsula və ya xidmətə necə təsir
edəcəkdir?
Bu məhsula və ya xidmətə olan ehtiyac davam
edəcəkmi?
Yeni texnologiyanın inkişafı bu məhsulu və ya
xidməti köhnəldə bilərmi?
5) Rəqabət. Sizin seçdiyiniz fəaliyyət sahəsi nə
dərəcədə rəqabətlidir? Bu fəaliyyətlə çoxmu adam
məşğul olur? Siz öz məhsulunuzu və ya xidmətinizi
necə hamıdan yaxşı edəcəksiniz? Siz məhsulunuzun
qi-ymətində, nadirliyində, keyfiyyətində rəqabət
edəcəksinizmi?
6) Bazar. Sizin alıcılarınız kimlərdir? Onların
gəlirləri, maraq və ehtiyacları nədən ibarətdir?
Sizin məhsula bənzər məhsulları onlar necə
(tez-tezmi, gecmi) alırlar? Sizin daimi
müştəriləriniz barədə ətraflı məlumatınızın olması,
bazarınızın həcmini müəyyən etməkdə sizə kömək edər.
7) Qanunlar və qaydalar. Sizin işinizi və sahənizi
tənzimləyən hansı qanunlar və qaydalar vardır? Siz
təsərrüfatınızın, müəs-sisənizin, ümumiyyətlə
biznesinizin inkişafında və müdafiəsində bu qanun və
qaydalara necə əməl edəcək və onlardan necə istifadə
edəcəksiniz?
8) Marketinq planı. Bu bölmənin şərhindən əvvəl
marketinq anlayışını izah etmək lazımdır. Marketinq
bizneslə məşğul olanların, biznesmenlərin istehsal
və satış prosesinə fəal təsirlərini əks etdirən bir
anlayışdır. Bazarın kompleks təhlilinə əsaslanaraq
məhsulu, xidmətə təlabatı məqsədyönlü formalaşdırmaq
vasitəsilə, məhsul satışı probleminin həllinə
yönəldilmiş, istehsal və satışın idarə edilməsi
sisteminə marketinq deyilir.
Belə bir misal: Bir nəfər əla məhsul istehsal
edirdi, lakin hələ təkcə əla məhsul istehsal etmək
ona heç bir müvəffəqiyyət vermirdi. Nə qədər ki,
adamlar onun əla məhsul istehsal etməsindən xəbərsiz
idilər o, məhsulunu nə sata və nə də ondan mənfəət
götürə bilirdi. Bu adam çıxış yolu tapdı. O öz
məhsulunu təbliğ etməyə, tanıtmağa başladı: adamlara
öz məhsulu barədə məlumat verdi, qəzetlərdə elanlar
dərc etdi, dükanlarda və bazarda məhsulunu əks
etdirən plakatlar asdı və s. Bir müddətdən sonra onu
hamı tanıdı və bu məhsulun satışı artdı. İstehsalın
və satışın artması onun gəlirini də artırdı.
Bu bölmədə siz öz reklam planlarınızı geniş şərh
edin. Öz nüfuzunuzun artması üçün nə edəcək-siniz?
Siz daha çox nəyə əhəmiyyət verəcəksiniz –
keyfiyyətə, yaxud qiymətə?
9) İşçilər. Siz kimlə işləyəcəksiniz, ailə
üzvlərinizlə, yoxsa əlavə işçilər də tələb olunacaq?
Neçə nəfər? Siz işçiləri hansı əlamətlərinə görə
seçəcəksiniz?
10) İdarəetmənin təşkili. Siz öz təsərrüfatınızı,
müəssisənizi tək, yaxud şərikli idarə edəcəksiniz?
İzah edin; şəriklik nə əsasda həyata keçiriləcək,
kimin payına nə düşəcək?
11) Maliyyə planı. Bu sizin planınızın çox mühüm
hissəsidir, biznesə başlamağın ən məsuliyyətli və
çətin məqamıdır. Çünki, elə bir adam yoxdur ki, işin
əvvəlində maliyyə çətinlikləri ilə rastlaşmasın. Siz
hesablamalıs-ınız ki, nəzərdə tutduğunuz təsərrüfat
fəaliyyətini (biznesi) həyata keçirmək üçün sizə nə
qədər pul lazımdır.
Deməli maliyyə planında biznesinizi həyata keçirmək
üçün sizə lazım olan pulun məbləğini göstərirsiniz.
Sonra özünüzün maliyyə imkanlarınıza baxırsınız, nə
qədər nəğd pulunuz var? Bunu da planda
göstərirsiniz. Bundan başqa mülkiyyətinizdə elə bir
əşya, vasitə vardırmı ki, (əşya, avadanlıq və s. )
onu satıb çatışmayan xərcinizi ödəməyə istifadə
edəsiniz? Bunlar hamısı sizin maliyyə planınızın
aktivini, yəni maliyyə imkanlarınızı təşkil edir.
Əgər sizin aktiviniz biznesə başlamağa imkan
vermirsə, bu zaman siz maliyyə köməyi almaq üçün
kiməsə müraciət etməlisiniz. Biznesdə yenicə işə
başlamaq istəyən üçün bu o qədər də asan iş
dey-ildir. Sizə banklar, dostlarınız və başqaları
müəyyən faizlərlə maliyyə köməyi göstərə bilərlər.
Bun-dan başqa təsərrüfat fəaliyyətinizdə lazım
olacaq maşın, avadanlıq və s. də maliyyə mənbəyi
kimi nisyə olaraq müəyyən faiz ödənişi ilə ticarət
təşkilatlarından, aqroservis müəssisələrindən ala
bilər-siniz. Beləliklə alacağınız borc pul (faizi də
hesablanmaqla) və nisyə maşın, avadanlıq və s. (pul
ifadəsində, faizi də hesablanmaqla) sizin
passiviniz, yəni borcunuz olacaqdır. Bu da maliyyə
plan-ında göstərilməlidir. Lakin maliyyə planının bu
hissəsini hazırlayanda siz yaxşı götür-qoy
et-məlisiniz. Yəni elə maliyyə mənbəyi axtarıb
tapmalısınız ki, bu sizin üçün əlverişli olsun.
Sonra hesablamalısınız ki, sizin biznesinizin nə
vaxtdan başlayaraq gəlir gətirəcəkdir? Bundan sonra
hər ay və bütünlüklə il üçün və sonrakı aylar və il
üçün büdcənizi, gəlir və çıxarınızı (əmək haqqı,
vergilər, təsərrüfat və icarə xərcləri və s. )
müəyyən edib bunlara əsasən maliyyə planınızın
gö-zlənilən balansını çıxarmalısınız. Beləliklə hər
ayın sonuna alınan balans gələcək ayın əvvəlinin
balansı olacaqdır.
Unutmaq olmaz ki, siz biznesinizin inkişafına nail
olmaq istəyirsinizsə, gəliriniz çıxarınızı
üstələməlidir. Əks həlda bu, müflisləşməyə səbəb ola
bilər. Belə bizneslə məşğul olmaq səmərəli deyil.
Deməli planın başqa, əlverişli variantı tərtib
edilməlidir. Bir neçə variainta biznes plan
işlənildikdən sonra, bu variantların ən səmərəlisi
seçilir və gələcəkdə istifadə olunmaq üçün qəbul
edilir.